Reklam verin!
SamirMay 13, 2008 23:31

Aqil Xəlili ölkədən çıxmağa qoymadılar

 


“”Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilov (Xəlil) ilk gündən düzgün olmayan ifadələr verməklə istintaqı yanlış istiqamətə yönəltməyə cəhd etsə də, onun bu cəhdləri uğursuz olub". Bunu “ANS-press”ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev deyib. Onun sözlərinə görə, özünə qarşı törədilmiş hadisənin peşə fəaliyyəti ilə əlaqədar olması barədə iflasa uğramış illüziyaların açıq məhkəmə baxışı zamanı bir daha ictimaiyyətə bəlli olacağı perspektivlərini görən A.Xəlil heç bir əsası olmayan bəyanatlar verməklə istintaq və məhkəmədən yayınmaq yolunu seçib.
“Zərərçəkmiş şəxs kimi cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək və düzgün ifadə vermək barədə cinayət prosessusal qanunvericiliyin tələblərini pozan Aqil Xəlil istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı iştirakı zəruri olsa da bir neçə dəfə istintaqdan yayınmaq məqsədilə ölkəni tərk etmək istəyib. Belə ki, Aqil Xəlil ölkə hüdudlarını tərk etmək məqsədilə 10 may 2008-ci il tarixdə Bakı-İstanbul təyyarə reysi ilə Türkiyəyə, 11 may 2008-ci il tarixdə saat 09:15 radələrində Balakən rayonu və elə həmin gün saat 10:00 radələrində Zaqatala rayonu ərazisindən başqa ölkəyə getmək istəyərkən sərhəd nəzarət buraxılış məntəqəsinin əməkdaşlari tərəfindən bunun qarşısı alınıb”. V.Əliyev onu da deyib ki, Aqil Xəlil heç bir əsası olmayan bəyanatlar verməklə yenə də ictimaiyyətin diqqətini istintaqın obyektiv nəticələrindən yayındırmağa çalışır. Bütün istintaq hərəkətləri Aqil Xəlilin vəkilinin iştirakı ilə cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılır. Onun naməlum şəxslər tərəfindən izlənməsi və qanunsuz yollarla ifadə almaq barədə fikirlərinə gəldikdə isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəru bunu əsassız və həqiqətə uyğun olmayan məlumat sayıb.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov isə bu açıqlamaların yanlış və qərəzli olduğunu söylədi. Onun sözlərinə görə, jurnalist son günlər izlənməsilə əlaqədar olaraq, mayın 7-də, səhər saat 10.30-11 radələrində Nəsimi rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Jurnalist həmin ərizəsində 22 fevralda ona qarşı törədilən cinayət hadisəsi ilə bağlı iş aparılmamasından şikayətlənib. Ərizəsində bu hadisəni törədənlərin kimliyinin - MTN zabitləri Akif Çovdarov və Dağbəyi Allahverdiyev - bəlli olmasına rəğmən, onların cəzalandırılmamasını qabardan jurnalist istintaq orqanlarından işi sürətləndirmələrini tələb edib: “Çox qəribədir ki, həmin olaydan iki-üç saat sonra Aqil Xəlili “28 May” metrosunda qatarın altına atmağa cəhd göstəriblər. Bu, bir təsadüf də ola bilərdi. Amma eyni gün axşam saat 21.30-21.40 radələrində marşrutla İnqilab küçəsindən avtobusla düşəndə iki naməlum şəxs onu oğurlamaq istədi. Hesab edirik ki, Aqilə qarşı bu iki hücum onun verdiyi həmin şikayətlə bağlıdır”.
Müsahibimiz bu olaylardan sonra A.Xəlilə müvəqqəti olaraq, Bakını tərk etməyi məsləhət gördüklərini dedi. Baş direktor jurnalistin bu məsləhətə əməl etdiyini vurğuladı: “Bizdə olan məlumata görə, Aqilin valideynləri israrla xahiş ediblər ki, bu sui-qəsdlərdən yaxa qurtarmaq üçün heç kəsə demədən başqa ölkəyə getsin. O da bu cür xəbərsiz Türkiyəyə getmək istəyib. Onu sərhəddə saxlayaraq deyiblər ki, sənin adın prokurorluqda var. İşlərini qaydaya sal, sonra ölkədən çıxarsan”.
A.Əhmədov A.Xəlilin zərərçəkən olduğunu vurğulayaraq, onun “qaydaya salınmalı” hansı işləri olduğunun sual doğurduğunu dedi. Müsahibimizin sözlərinə görə, jurnalistdən heç ölkəni tərk etməməsi barədə iltizam da alınmayıb: “O, istənilən vaxt ölkə daxilində və xaricində sərbəst hərəkət edə bilər. ”İşlərini qaydaya sal" o deməkdir ki, səni döyənlərlə barış, sonra xaricə get. Prokurorluğun belə bir addım atması nəinki Azərbaycan qanunvericiliyi, dünya standartlarını da pozması deməkdir. Aqilin məqsədi qaçmaq deyil. Qaçmaq, ümumiyyətlə, bizim düşərgəyə yaraşan deyil. O qaçmaq istəsəydi, bunu fevralın 22-dəki hadisədən sonra edərdi. Hər halda, həmin vaxt ona çoxlu pul və kompensasiya təklif etmişdilər. Amma Aqil sona qədər qalmağı üstün tutdu".
Baş direktor onu da vurğuladı ki, 5 gündür Respublika Prokurorluğunun xüsusi işlər üzrə müstəntiqi Əli Quliyev ona zəng edərək, A.Xəlili axtardığını deyir. Müsahibimiz situasiyanın tragikomik olduğunu düşünür: “Həm Əli Quliyevin özü sərhədə məktub verir ki, Aqili ölkədən buraxmasınlar, bu yandan da mənə zəng edir ki, Aqili tapa bilmirəm, onu mənimlə calaşdırın. Dediyinə görə, guya mayın 7-də ona qarşı baş verən sui-qəsdlə bağlı araşdırma aparmaq istəyir. Amma artıq mənə məlumdur ki, ölkədən çıxmayacağı ilə bağlı ondan iltizam almaq üçün çağırırlar”.
Bu arada A.Xəlilin vəkilləri son olayla bağlı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi, AZAL-dan habelə müvafiq qurumlardan şikayət verməyə hazırlaşır. Müsahibimiz jurnalistə heç dincəlməyə belə imkan verilmədiyi üçün onun yenidən işə qayıdacağını söylədi. A.Əhmədov bu olayların nəylə yekunlaşacağı ilə bağlı proqnoz verməkdə çətinlik çəkdi: “Özləri sifariş gözləyirlər. Bilmirlər ki, nə etmək lazımdır”.
Sevinc TELMANQIZI

xəbərin linki http://www.musavat.com/site/#

XƏBƏRLƏRŞərhlər(0)     Baxış sayı:56

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha