BİR GÜNDƏ ÜÇ İNTİHAR
İki nəfər Bakıda, bir nəfərsə Şəkidə özünü öldürdü
Dünən səhər saatlarında Biləcəri qəsəbəsində intihar hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Təbrizi küçəsi 15-də yaşayan 1977-ci ildə Ucar rayonunda doğulan Qalib Böyükkişi oğlu Sadıqov yaşadığı evin həyətində özünü asıb. Artıq meyit ölüxanaya aparılıb və intiharın səbəbləri araşdırılır.
Bakının Xətai rayonunda da intihar hadisəsi baş verib. Rayonun 264 saylı məktəbində təhsil alan 11-ci sinif şagirdi Ülviyyə (ad şərtidir) damarlarını kəsib. Şagird təcili olaraq yaxınlıqda xəstəxanaya aparılıb. Hadisənin səbəbləri barədə ətraflı məlumat verilməyib.
Dünən Şəki rayonu, Sabit Rəhman küçəsi-15 ünvanında yaşayan 1932-ci il təvəllüdlü Şakir Səlim oğlu Vahabov da intihar edib. Şəki Rayon Prokurorluğundan (RP) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 76 yaşlı Ş.Vahabov özünü yaşadığı evin dəhlizində qaz borusundan asaraq öldürüb. Mərhumun üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Faktla bağlı Şəki RP-dəCinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
MÜƏLLİMƏNİN DÖYDÜYÜ ŞAGİRD İNTİHARA CƏHD ETDİ
Sumqayıtda məktəbli qız dərman içərək özünü öldürmək istəyib
Sumqayıtdakı 12 saylı orta məktəbin 11-ci sinif şagirdi Bayramova Aygül Yaşar qızı intihara cəhd edib. APA-ya daxil olan məlumata görə, riyaziyyat müəllimi tərəfindən döyülən şagird bunu özünə sığışdırmayıb və özünü öldürmək istəyib. Sumqayıt şəhər prokurorunun köməkçisi Pərviz Əliyev APA-ya prokurorluğa A.Bayramovanın mayın 10-da “valerian” dərmanından zəhərlənməsi barədə məlumat daxil olduğunu, faktla bağlı araşdırma aparıldığını söyləyib. P.Əliyev araşdırma getdiyi üçün başqa məlumat verməyib.
12 saylı məktəbin direktoru Mətanət Abdullayeva isə APA-ya açıqlamasında A.Bayramovanın məktəbdə fiziki təzyiqə, təhqirə məruz qalmadığını deyib. Onun sözlərinə görə, şagird dərmandan dərsdən sonra, yaşadığı evdə zəhərlənib:
“Riyaziyyat müəlliməsi Zülfiyyə Novruzova dərsdə şagirdlərə ümumi şəkildə təlim-tərbiyə barədə məsləhətlər verib. Dərsdə heç bir döyülmə, təhqir faktı olmayıb. Aygül özü də bizimlə söhbətdə bunu təsdiq edib”.
M.Abdullayevanın sözlərinə görə, A.Bayramova şagird yoldaşları ona soyuq münasibət bəslədikləri, salam vermədikləri üçün bu addımı atdığını deyib: “Sinif yoldaşları isə mənə dedilər ki, Aygül ”valerian"dan əvvəllər də istifadə edirmiş". Direktor zəhərlənmə baş verən gün evdə tibbi yardım alan şagirdin hazırda dərslərinə davam etdiyini, səhhətinin normal olduğunu deyib.
xəbər linki http://www.musavat.com/site/?name=content&mid=8#
