“İLHAM ƏLİYEV MƏNİ ÖLDÜRTMƏK İSTƏYİR”
Erməni politoloqdan şok bəyanat
Levon Məlik-Şahnazaryanın bu absurd açıqlaması ermənilərin özü tərəfindən də gülüşlə qarşılanıb
Müsavat qəzetində oxuduğum xəbərlə sizi tanış etmək istəyirəm
Erməni politoloqu Levon Məlik-Şahnazaryan Azərbaycan prezidenti İlham Əliyevi məhkəməyə vermək niyyətindədir. Bu barədə o, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Onun dediyinə görə, son vaxtlar “Azərbaycan antierməni təbliğatından konkret işə keçərək Bakıya sərf etməyən siyasi xadimlərə qarşı digər ölkələrdə terror aktları təşkil etməkdən çəkinmir”. Məlik-Şahnazaryan onu da deyib ki, Azərbaycan indi İsrailin yolu ilə gedərək müxtəlif dövlətlərin, ilk növbədə Ermənistanın ona sərf etməyən dövlət və ictimai xadimlərinə qarşı aksiyalara başlayıb.
Politoloq bundan sonra məsələnin məğzinə gəlib və bildirib ki, Azərbaycanın dövlət başçısının şəxsi göstərişi ilə ona qarşı sui-qəsd təşkil edilib.
“Azərbaycan rəhbərliyini hansı məqaləmin sinirləndirdiyini müəyyənləşdirmək üçün bəyanat və yazılarımı araşdırdım. Düşünürəm ki, buna Moskvada dərc olunan ”Karabaxskiy ekspress" qəzetindəki “Qəsbkar dövlət-qəbskarlar dövləti” məqaləm səbəb olub. Həmin yazıda Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmədə verdiyi ifadələrə əsaslanaraq Azərbaycanın indiki prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin tarixçəsindən bəhs etmişəm. Görünür, bu ifşalarım rəsmi Bakıya sərf etmir. Bilin: əgər üstümə təsadüfən ağac düşərsə, məni ildırım vurarsa və ya nəsə baş verib dünyamı dəyişərəmsə, burada İlham Əliyevin əli var. İndisə sağamam və fəaliyyətimi davam etdirirəm",- deyə Levon Məlik-Şahnazaryan onun dediklərini sükutla dinləyən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, aprelin 22-də saat 11.50-də Kotayk vilayətindəki Ptxni kəndindəki evinin qarşısında atəş açılıb. Və sən demə, pəncərənin qarşısında durmuş politoloqun “bəxti gətirib”, güllə pəncərənin dəmir barmaqlığına dəyərək yan keçib. Aprelin 29-da isə naməlum şəxslər Məlik-Şahnazaryanın telefonuna zəng vuraraq onunla bahəm bütün ailəsini də məhv edəcəklərini deyiblər. Polis sui-qəsd iştirakçılarından birini tutub. Həmin şəxsin Ermənistan vətəndaşı olmadığı vurğulanır.
Maraqlıdır ki, Levon Məlik-Şahnazaryanın sərsəmləmələrinə Ermənistanın özündə də gülürlər. Məsələn, “Aragir” qəzeti politoloqun mətbuat konfransı barədə yazıya “Pul axtaran Məlik-Şahnazaryanın yeni fırıldağı”, “Haykakan Jamanak” isə “Məlik-Şahnazaryanın yeni qarabasması: Bakı bizə güləcək” başlığı qoyub.
Ermənistanın aparıcı siyasi partiyalarının rəhbərləri, dövlət mənsubları və ekspertlər Levon Məlik-Şahnazaryanın açıqlamalarını şərh etməkdən boyun qaçırıblar. Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçyan isə ona “psixiatra müraciət etməyi, ya da gedib sirkdə işləməyi” məsləhət görüb.
Açığı, bu xəbər bizdə qəribə bir hiss oyatdı. Yalandırsa, kaş ki, gerçək olaydı və bizim dövlət Azərbaycanın düşmənlərini elə sıxışdıraydı ki, evlərində də rahat otura bilməyəydilər. Və kaş ki, bu cür iddiaları Köçəryan, Sərkisyan kimi erməni rəhbərləri irəli sürəydilər. Biz də bir azərbaycanlı olaraq prezidentimizlə, dövlətimizlə fəxr edəydik.
Səbuhi MƏMMƏdli

Səbuhi MƏMMƏdli sizinle tam raziyam.
İyul 25, 2008 10:42