NARDARAN SAKİNİ POLİS ZABİTİNİ GÜLLƏLƏDİ Əmirxan Cabbarov sahə müvəkkilinə avtomat silahdan atəş açıbMüsavat qəzetində yazılanlara görə Dünən Nardaran qəsəbəsində atışma olub. Kənd sakini Əmirxan Cabbarov avtomat silahdan atəş açaraq, sahə müvəkkili, polis baş leytenantı Aydın Şirəliyevi yaralayıb. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirdi ki, hadisə səhər saat 7 radələrində baş verib: “Aydın Şirəliyev digər polislərlə birlikdə Əmirxan Cabbarovu saxlayıb polis bölməsinə gətirmək istəyiblər. Bu zaman Əmirxan Cabbarov avtomat silahdan atəş açaraq, Aydın Şirəliyevi qolundan yaralayıb”.
Hadisənin səbəbinə gəlincə, kənddəki mənbə bildirdi ki, Ə.Cabbarov fevralın 21-də Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəis müavini Zaur Bədəlova atəş açaraq, onu ağır yaralayan Zülfüqar Cabbarovun atasıdır: “Zülfüqar Cabbarov həmin hadisəni törədəndən sonra axtarışa verilib, bu günə qədər onu həbs edə bilməyiblər. Bu məsələ ilə bağlı Əmirxan Cabbarovu incidiblər, ona təzyiqlər ediblər. Bu gün (dünən-red.) isə onu saxlayıb polis idarəsinə gətirməyə cəhd göstəriblər. Bu zaman Əmirxan Cabbarov silaha əl atıb”.
Qaynağın sözlərindən aydın oldu ki, 14-cü polis bölməsinin rəisi Azər Cahangirov bu hadisəni ört-basdır eləməyə çalışır: “O, hansısa səbəbdən Aydın Şirəliyevin guya təsadüf nəticəsində qolundan xəsarət aldığını iddia edir. Hazırda Aydın Şirəliyev xəstəxanadadır, lakin onun güllə yarası aldığını gizlədirlər”.
Qeyd edək ki, Z.Cabbarov ötən il Nardaranda iki polis əməkdaşını güllələmiş (polislərdən biri qətlə yetirilib-red.) dəstə ilə əlaqəli şəxs olub və həmin vaxtdan axtarışda imiş. Fevral ayının 21-də onun kənddə olması barədə polisə məlumat daxil olub və Zaur Bədəlovun rəhbərliyi ilə əməliyyat hazırlanıb. Lakin əməliyyat uğurlu alınmayıb. Əməliyyatdan xəbər tutan Zülfüqar və ona yaxın olan şəxslər önləyici tədbirlər görərək silahlanıblar. Və onları həbs etmək istəyən əməliyyat qrupu ilə atışıblar. Nəticədə Zaur Bədəlov özü yaralanıb. Zülfüqar Cabbarovu isə indiyədək ələ keçirmək mümkün olmayıb.
Bizə məlumat verən mənbənin iddiasına görə, həm Zülfüqar Cabbarovun bu günə kimi azadlıqda qalmasında, həmçinin onun yaxalanması üçün keçirilən əməliyyatın baş tutmamasında 14-cü polis bölməsinin rəisi Azər Cahangirovun əli var.
